"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ə.ABIYEV: “Bələdiyyələrin fəaliyyəti bu gün bizi qane etmir”

--2017-05-26 / 18:03

Belediyye.info bir sıra  rayon icra hakimiyyəti başçılarına rayon bələdiyyələrinin fəaliyyətləri,  o cümlədən icra strukturları-bələdiyyə münasibətlərinə dair suallar ünvanlayıb.

Belediyye.infonun suallarını bu dəfə Daşkəsən rayon icra Hakmiyyətinin başçısı əhəd Abıyev cavablandırıb.

Media ilə daim səmimi  ünsiyyətə üstünlük verən  Daşkəsən Rayon icra Hakmiyyətinin başçısı əhəd Abıyev  Belediyye.infonun suallarını cavablandırarkən qeyd edib ki, bu gün rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr hələ də öz işlərini qəbul olunmuş qərarlara və normativ hüquqi sənədlərə uyğun olaraq qura bilmədiklərindən onların fəaliyyəti bizi bu gün qane etmir.

icra başçısının fikrincə, bələdiyyələr fiziki şəxslərdən vergiləri lazımı səviyyədə toplaya bilmədiklərindən böyük maliyyə çətinlikləri ilə üzləşirlər. Bunun əsas səbəbi əhali arasında izahat-maarifləndirmə işlərinin zəif aparılması və eyni zamanda vergiləri ödəməyən şəxslərə qarşı təsir mexanizminin olmamasından irəli gəlir:

“"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri hələ də lazımı səviyyədə həyata keçirilmir. Eyni zamanda rayon ərazisində bələdiyyələr maliyyə imkanlarını genişləndirmək üçün lazımı təşəbbüs göstərmir.

icra strukturları ilə bələdiyyələr "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun və "Yerli icra hakimiyyətləri haqqında" əsasnamənin tələblərinə müvafiq olaraq öz münasibətlərini formalaşdırmışlar.

Həm icra strukturları, həm də bələdiyyələr qarşılıqlı münasibət, bir-birinin işlərinə qarışmamaq, qarşılaşdıqları problemlərin həllində birgə təşəbbüs göstərərək fəaliyyətlərini davam etdirirlər.”

əhəd ABiYEV cavabında maraqlı məqama da toxunub:

- Quşçu və Xoşbulaq bələdiyyələri digər bələdiyyələrdən fərqli olaraq öz ərazilərində əhalinin məişət və sosial problemlərinin həllində xüsusi tədbirlər həyata keçirmişlər. Məişət tullantılarının daşınması, su, qaz və digər həyatı vacib olan məsələlərin həll olunmasında əvəzsiz xidmətlər göstərmişlər.

Xoşbulaq bələdiyyəsi ərazidə yaşayan sakinlərin istirahətə gələn qohumlarının və yaxınlarının istirahətini yüksək səviyyədə təşkil etmək məqsədilə müvəqqəti çadırlar quraraq gələn insanların istifadəsinə vermişdir.

Perspektiv inkişaf istiqamətlərinə toxunan icra başçısı bildirib ki, 2012-ci ildə Daşkəsən rayonunun hərtərəfli inkişafı üçün hazırlanmış "Yeni Daşkəsən" layihəsində sanatoriya-kurort xidmətinin və turizmin inkişafının dəstəklənməsi ilə əlaqədar müvafiq bənd nəzərdə tutulmuşdur:

- Daşkəsənin gözəl təbiəti hər zaman istirahət etmək üçün  insanları özünə cəlb etmişdir. Bunlar gələcəkdə turizmin inkişafı ilə əlaqədar bələdiyyələrə əlavə maliyyə vəsaitinin daxil olmasına səbəb ola bilər.

Belediyye.info   

ŞƏRHLƏR